Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında  münasibətlər 2011-ci ildə BƏƏ-nin Bakıdakı səfirliyi açıldıqdan sonra  daha çox yaxın olub.

Bunu modern.az-a açıqlamasında BƏƏ-nin Bakıdakı diplomatik missiyasının rəhbərinin müavini Abdulla Əl-Şəmsi bildirib.

O qeyd edib ki, ümumilikdə, iki ölkə arasındakı münasibətləri iki dövr qismində təsnif etmək mümkündür: Birinci dövr,  səfirlik açılmazdan öncə və ikinci dövr səfirliyin Bakıda fəaliyyətə başladıqdan sonra.

“Əməkdaşlıq davamlı yolla inkişaf edib. Azərbaycan, əsasən, BƏƏ-yə meyvə, meyvə şirələri, qoz-fındıq qida və metal məhsulları, BƏƏ isə Azərbaycana, əsasən, elektronika, yüksək texnologiya məhsulları, tikinti materialları və sənaye məhsulları ixrac edir. Əlavə olaraq, polietilen polimer, mebel, maşın hissələri də BƏƏ-nin   Azərbaycana ixracatları sırasındadır. Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Birgə Hökumətlərarası İqtisadi Komitə təsis edib. Onun məqsədi ikitərəfli səviyyədə ticarət və investisiyanı genişləndirməklə və  gələcəkdə ikitərəfli investisiyalar, birgə layihələr üçün yeni təşəbbüslər  araşdırmaqla  iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirməkdir. Qarşılıqlı rəsmi səfərlər və görüşlər  iqtisadi əməkdaşlığa dair müzakirələrə və doqquz mühüm sektor üzrə gələcək əməkdaşlıq qurmağa yol açdı. Bu sahələrə kənd təsərrüfatı, bərpa olunan enerji, turizm, ətraf mühit, su, kommunikasiya, müasir texnologiya və hava nəqliyyatı daxildir. Ən önəmlisi BƏƏ və Azərbaycan böyük həvəs və inamla hər iki ölkədə bizneslərin arasında əməkdaşlığın genişlənməsi naminə ticarət və investisiya imkanları yaratmaq üzərində çalışır.

Vurğulanmalıdır ki, ən önəmli görüşlərdən biri  hökumətlər arasında 2017-ci il aprel ayında BƏƏ-Azərbaycan Birgə İqtisadi Komitənin 6-cı sessiyasında baş tutub. Ən görkəmli layihə təşəbbüsləri məhz bu görüşdə razılaşdırıldı.  Belə layihələrdən biz DP World Şirkəti,  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Bakı Limanı arasında 2016-cı il sazişini xatırlayırıq.

Sənədə əsasən, Azərbaycanda Ələt Azad Ticarət Zonası yaradılırdı. Bu əməkdaşlıq BƏƏ və Azərbaycan arasında ən uğurlu layihələrdən biri hesab olunur”.  

Abdulla Əl-Şəmsi onu da vurğulayıb ki, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk ofisinin məhz Bakıda açması  BƏƏ və Azərbaycan arasındakı əməkdaşlığın əsas məqamlarındandır.

“Azərbaycanın paytaxtı birbaşa olaraq hər iki ölkədə iqtisadi artımı və ikitərəfli münasibətləri dəstəkləmiş olur.Azərbaycan BƏƏ şəhərləri ilə də spesifik olaraq biznes əlaqələri qurmağa davam edib.

Buna misal olaraq, Azərbaycan tərəfindən iqtisadi nümayəndə heyətinin Şərca şəhərinə səfərini göstərə bilərik. Şərca Ticarət və Sənaye Palatasında tərəflər  hər iki ölkə üçün səmərəli olacaq inkişaf məsələlərini müzakirə edib. Bütövlükdə, yaxın keçmişdə baş vermiş hadisələrə nəzər saldıqda, görürük ki, hər iki tərəf davamlı olaraq əməkdaşlığı gücləndirmək istiqamətində səylərini davam etdirir.   Bu ilin yanvar ayında Dubayda Azərbaycan Ticarət Evi açıldı.

Ticarət Evi müxtəlif sahələr üzrə Azərbaycana dair müfəssəl məlumat təminatı rolunu daşıyır. Qiymətləndirmələr göstərir ki, Ticarət Evinin fəaliyyəti BƏƏ-yə qeyri-neft ixracatını artıracaq.  Burada 600-dan artıq Azərbaycan məhsulu var. Rəqəmlər həm də 2017-ci il ilə müqayisədə 2018-ci ildə ikitərəfli ticarət dövrüyyəsinin 50.8%  artaraq, böyük potensiallı ikitərəfli əlaqələrin mövcudluğunu təsdiq edib”.