Türkiyə hakimiyyəti qlobal qiymət artımı və quraqlıq səbəbi ilə zeytun yağı ixracını dayandırır.

Ölkə zeytun yağının ixracını noyabrın 1-dək dayandırmaq qərarına gəlib. Nəzərə alaq ki, Türkiyə Azərbaycana zeytun yağı ixrac edir. Statistik məlumata görə, bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 1 milyon 242 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixracı olunub.

Maraqlıdır ki, Türkiyənin ixracı dayandırması Azərbaycanda zeytun yağının qiymətinə necə təsir edəcək?

 

Mövzu ilə bağlı iqtisadçı ekspert, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, idxaldan asılı olan istənilən qida məhsulunun hər an qiyməti bahalaşa bilər və bu, normal haldır:

"Türkiyədən Azərbaycana zeytun yağının idxalının dayandırılması ölkənin daxili bazarında qiymətlərə təsirsiz ötüşməyəcək. Bu, onu göstərir ki, idxaldan asılılığın yüksək olması daxili bazarın inkişafına mane olur. Ona görə də inflyasiya ilə mübarizə çərçivəsində yerli istehsalın lokallaşdırılmasına və effektiv mexanizmlərdən istifadəyə imkan yaradılması əhəmiyyətlidir. Türkiyə ilə dərin iqtisadi və siyasi əməkdaşlığın olmasına baxmayaraq, idxaldan asılılığın olması Azərbaycan iqtisadiyyatının inkişafında müəyyən problemlər yarada bilir. Unutmaq olmaz ki, hər bir ölkə daxili bazarının qorunmasına çalışır. Azərbaycanın idxaldan asılılığı azaltmaması fonunda bəzi qida məhsullarının qiymətindəki qeyri-sabitlik davam edəcək. Ölkəmiz çalışmalıdır ki, yerli istehsal daha çox inkişaf etsin".

Gülşən Şərif