Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

İqtisadiyyat.az xəbər verir ki, əvvəlcə Tacikistan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Emoməli Rəhmonun

bəyanatı

-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Tacikistan Respublikasına dövlət səfəri münasibətilə bir daha səmimi-qəlbdən salamlamaq istərdim.

Əvvəlcə qeyd etmək istərdim ki, diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik.

Mən qardaş Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətimizi həmişə səmimiyyətlə xatırlayıram. Heydər Əliyev ölkə üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri oldu və ölkəni sabitlik, inkişaf yoluna çıxardı.

Hörmətli İlham Heydər oğlunun səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli-bərabəri olmayan Nizami Gəncəvi qoyub. Buna görə də bizim danışıqlar, həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib. Danışıqların gedişində biz ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini ətraflı nəzərdən keçirdik, bizim üçün aktual olan bütün məsələlərə dair fikir mübadiləsi apardıq. Bu gün imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlib.

Biz çoxşaxəli əlaqələrimizin kompleksinin tərkib hissələri kimi parlamentlərarası əməkdaşlığın fasiləsiz xarakterini qeyd etdik. İki ölkənin parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində bu əməkdaşlıq yeni məzmun kəsb edib.

Ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə etdik. Razılaşdıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəldik.

Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində ayrıca dayandıq.

Sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğunu qeyd etdik.

Energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğumuzu təsdiq etdik.

Biz Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasını davam etdirəcək, Tacikistanın dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artıracağıq.

Danışıqlarda münasibətlərimizin humanitar istiqaməti mühüm yer tutdu. Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirməyə qarşılıqlı hazır olduğumuzu təsdiq etdik.

Regional və beynəlxalq xarakterli aktual məsələlərin bütün məcmusuna dair fikir mübadiləsi apardıq. Beynəlxalq və regional təşkilatlar məkanında bundan sonra da qarşılıqlı fəaliyyətin vacib olmasını qeyd etdik.

Çoxtərəfli məkanlarda, ilk növbədə, BMT-də bir-birimizin namizədliyimizi və təşəbbüslərimizi qarşılıqlı dəstəkləmək praktikasını davam etdirmək barədə razılığa gəldik.

Biz suya və iqlimə dair Tacikistanın irəli sürdüyü qlobal təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan tərəfə minnətdarlığımızı bildirdik.

Danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu. Biz beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduğumuzu bildirdik. Beynəlxalq mövzuları və bizim regionlarda vəziyyəti ətraflı müzakirə etdik.

Bugünkü danışıqların yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağımıza imkan verir.

İndi sözü böyük məmnuniyyətlə əziz qonağımız, hörmətli İlham Heydər oğlu Əliyevə verirəm. Buyurun.