7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.

Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. 

Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

***

19:39

Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub. 

İqtisadiyyat.az “Tasnim” nəşrinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Bakı ilə Tehran arasında ikitərəfli münasibətlərin inkişafı və bəzi regional məsələlərlə bağlı geniş müzakirələr aparıblar.

Bu səmimi və şəffaf söhbətlərdə mövcud problem və anlaşılmazlıqlar və mövcud vəziyyətdən çıxış yolları müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Bu zaman tərəflər mehriban qonşuluq və bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörməti vurğulayıblar.