Azərbaycan sahibkarlarının Qırğızıstan bazarına marağı ölkə rəhbərinin siyasətinin bir hissəsidir - Zəfər Məmmədov

İqtisadiyyat.az Azərbaycan-Qırğızıstan Ticarət Evinin (AQTE) rəhbəri Zəfər Məmmədovun Fins.az-a müsahibəsini təqdim edir:

- Azərbaycan-Qırğızıstan Ticarət Evi nə zamandan fəaliyyət göstərir və inkişaf perspektivləri nədir?

- Azərbaycan-Qırğızıstan Ticarət Evi 2022-ci ilin dekabr ayından fəaliyyət göstərir və inkişaf perspektivləri qarşıdakı illərdə bağlanacaq müqavilələrdir. Hal-hazırda nəticə olaraq deyə bilərik ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı-Bişkek-Bakı birbaşa uçuşlarını həyata keçirməyə başlayıb. Bu reysinin açılmasında AQTE-nin çox böyük rolu olmuşdur və bu gün də həmin reys uğurla fəaliyyət göstərir.

- AQTE bu müddət ərzində hansı layihərə imza atıb və ümumiyyətlə, bu günədək nə kimi işlər həyata keçirilib?

- AQTE-nin imza atdığı lyihələr bu günə qədər demək olar ki, çox sayda deyil, amma ilkin olaraq bir neçə şirkətlə Əməkdaşlıq Memorandumları imzalanıbdır. Hal-hazırda layihələrin başa çatması üçün aktiv işlər həyata keçirilir.

- AQTE-nin hazırkı vəziyyəti nə yerdədir? Təşkilat yerli və xarici bazara təsir etmək üçün potensial gücünə malikdir?

- AQTE-nin hazırkı vəziyyəti yaxşıdır. Yəni bir neçə aydır fəaliyyət göstərməyinə baxmayaraq, artıq Qırğızıstan Respublikasıyla ciddi əlaqələr qurmağı bacarmışıq. Bugünkü gün durumumuz bundan ibarətdir. Bu ilin sonunadək müəyyən qədər potensial gücümüzü artırmaq imkanımız olacaqdır.

- AQTE-nin təşəbbüsü ilə Azərbaycan sahibkarlarının böyük bir qismiylə Qırğızıstana səfər edibsiniz və burada bir neçə görüşlər keçirmisiniz. Bu görüşlərin, ümumiyyətlə, səfərin nəticəsi haqqında nə deyə bilərsiniz?

- Sahibkarlarla Qırğızıstana səfər etdik. İlk olaraq, Azərbaycanın Qırğızıstandakı səfirliyində olduq və səfirimiz Lətif müəllimlə (Lətif Qəndilov) görüşdük. Görüş zamanı ümumi Qırğızıstanla bağlı müəyyən suallarımızı verdik. Daha sonra Azərbaycanın Qırğızıstandakı Diasporasında görüş keçirdik və ardınca növbəti görüşlərimiz başladı. Qırğızıstanda Prezident yanında İnvestisiya Fondunun rəhbərliyinin təşkilatçılğı ilə əvvəlcədən apardığımız danışıqlar əsasında Azərbaycan sahibkarlarını gətirdik və kimlərlə görüşmək istəyiriksə, onun üzərində görüşlərimiz başladı. Burada Qırğızıstan Ticarət Palatasının vitse-prezidenti, o cümlədən, bir neçə nazirliklərin nümayəndələri də iştirak edirdilər. Bizim sahibkarlar maraqlı olan sahələr üzrə suallarını ünvanladılar və cavablarını aldılar. Bu cavablara və qurulan əlaqələrə əsasən 2 memorandum imzalandı. Digər sahibkarlarla da söhbətlərimiz davam edir və böyük ehtimal ki, yaxın gələcəkdə onların da nəticəsini olacağını gözləyirik.

Bunununla paralel olaraq biz “AİO Holdinq”in rəhbər heyətiylə onların fəaliyyətiylə yaxından tanış olduq. Bildiyiniz kimi, Qırğızıstan-Azərbaycan biznes forumu keçirilirdi və orada da müəyyən bir sahibkarlarla da görüşlər keçirdik. Növbəti gün isə beynəlxalq forum keçirilirdi. Bu foruma Azərbaycandan, Rusiyadan, Çindən, Özbəkistandan gələn nümayəndə heyətləri də qatılmışdılar. Burada da müəyyən əlaqələr qurmağa nail olduq.

- Bundan əvvəl də həm Azərbayacan sahibkarları, həm də Qırğız sahibkarları qarşılıqlı səfərlər ediblər. Budəfəki səfər isə geniş tərkibiylə diqqət çəkirdi. Bütün bunların fonunda bundan sonrakı planlarınız və gözləntiləriniz nədir?

- Bildiyiniz kimi, Azərbaycan-Qırğızıstan əlaqələri günü-gündən inkişaf edir və hər il burada temp müşahidə olunur. Keçən ilə nisbətən bu il Azərbaycandan gələn iş adamları daha maraqlı və fərqli baxışlarla yanaşırdılar. Çünki Qırğızıstanın hansısa məhsulunun Azərbaycana gətirilməsi deyil, həm də Azərbaycan sahibkarlarının bir qismi Qırğızıstana investiya qoymaqla bağlı müəyyən görüşlər keçirildi və fikir mübadiləsi aparıldı.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb ki, burada da əsasən iqtisadi sahəyə diqqət yetirildi. İmzalanmış sənədləri necə qiymətləndirirsiniz və qeyd olunan hədəflərə çatmaq üçün hansı addımlar atılır, yaxud atılacaq?

- Qırğızıstana səfərimiz təsadüfi deyil. Çünki bundan əvvəl və son səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm işlər gördü ki, bu gün biz də cənab prezidentin siyasətinə sadiq qalaraq, Azərbaycan-Qırğızıstan iqtisadi əlaqələrinə töhfə verməyə çalışırıq. Azərbaycan sahibkarlarının Qırğızıstan bazarına maraq göstərməsi ölkə rəhbərinin siyasətinin bir hissəsidir. Prezidentin atdığı addımlarla irəliləyirik və bu işlər ölkə prezidentinin Qırğızıstanda siyasi baxışın davamıdır.

Qeyd etmək istəyirəm ki, Qırğızıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər 2021-ci ildən etibarən davamlı inkişaf trayektoriyasına daxil olub, ölkələrarası əlaqələrin dinamikası və səviyyəsi yüksəlib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun 2022-ci il aprelin 19-20 tarixlərində, Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi, diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində Azərbaycan Respublikasına rəsmi səfəri hazırkı mərhələdə ikitərəfli münasibətlərdə ən mühüm hadisə oldu.

Prezident İlham Əliyevin 2022-ci ilin 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfəri zamanı bir çox tədbirlər, görüşlər keçirildi ki, bunun nəticəsində də prezidentlərin görüşlərində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə çoxlu sayda tranzit yüklərin cəlb edilməsi məqsədilə Azərbaycan tərəfi “Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolu layihəsinin (xəttinin) Türkmənistan üzərindən Azərbaycana yönləndirilməsində maraqlı olduğu bildirilib.

Həmçinin hər iki ölkə arasında imzalanmış sənədlər xüsusi önəm kəsb edir ki, bunlardan da “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərarı”, o cümlədən "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş" olub. Azərbaycan-Qırğız İnkişaf Fondunun ilkin nizamnamə kapitalı 25 milyon dollar müəyyən olunub.

Bir sözlə, bütün bunlar hər iki ölkənin nəinki iqtisadi, həmçinin digər sahələrinə də müsbət təsirini göstərəcək.

- Qırğızıstan Azərbaycana nə vəd edir və yaxud nə verə bilər?

- Ümumi coğrafi baxımdan Qırğızıstan çox əlverişli yerdə yerləşir və dünyanın nəhəng ölkələrindən olan Çinlə həmsərhəddir. Bizə daşımaçılıqla bağlı çox böyük qapı vəd edir. Hansı ki, gələcəkdə dəmir yolu xətti vasitəsiylə Çindən Qırğızıstana, Qırğıstandan da Özbəkistana, oradan da Türkmənistana keçib və Xəzər dənizi üzərindən Azərbaycana məhsulların çatdırlması düşünülür. Bunun üzərində də Qırğızıstanla olan iqtisadi əlaqələrimizin gücləndirilməsində çox böyük rolu var. İlk bunu vəd edir. İkinci vəd haqqında onu deyə bilərəm ki, Qırğızıstan xam torpaqdır. Hansı ki, 90-cı illər Azərbaycanı xatırladır. Bu ölkədə biznesin indi-indi inkişafa başladığı bir dönəmdir. Sahibkarlar üçün bəzi sahələr görünür və bizə həmin fürsətləri vəd edir.

- Hər iki ölkə arasındakı ticarət dövriyyəsi nə dəqər təşkil edir və bu ilin sonuna və yaxud qarşıdakı illərdə dövriyyənin artmaq ehtimalı varmı?

- Bildiyim qədəriylə hər iki ölkə arasındakı ticarət dövriyyəsi çox da yaxşı bir gösətərici deyil, 10 milyon dolların aşağısanda yer almaqdaır. Amma ilin sonunadək bu rəqəmin artılması üçün işlər görülür. Düşünürəm ki, qarşıdakı illərdə bu əlaqələr çox intensiv şəkildə artacaqdır və yaxın illərdə dövriyyə nəinki 10 milyon dollar, 10 milyonlarla olacağı proqnozlaşdırılır və gözlənilir.

- Hazırda Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr hansı səviyyədədir?

- Hazırda Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr yaxşıdır deyərdim. İlkin olaraq bəzi məsələlərdə başlanğıc mərhələsindədir. Düşünürəm ki, yaxın illərdə bu iqtisadi əlaqələrdə çox güclü nəticələr gözlənilir və bu nəticələrin sonunu hamımız birlikdə görəcəyik.