"Qarabağa köçün başladılması ölkə başçısı İlham Əliyevin mənəvi missiyasının uğurla davam etdirildiyinin bariz nümunəsidir".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib.

Qarabağa və Şərqi Zəngəzura köçün kifayət qədər mühüm bir addım olduğunu vurğulayan ekspert deyib ki, bu hadisə tarixi həmiyyətə malik olmaqla yanaşı, siyasi cəhətdən də vacibdir.

"Azərbaycan tarixi ədaləti bərpa edərək vaxtilə öz dədə-baba yurdundan köçmək məcburiyyətində qalan insanlarımızın özlərinin və yaxınlarının geri qayıtmasına səbəb olub. Bu, dövlətin 30 illik mənəvi məsuliyyət məsələsi idi", - deyə ekspert qeyd edib.

K.Novruzov bildirib ki, Qarabağa qayıdış Azərbaycan cəmiyyətində sosioloji dəyişikliyə səbəb olacaq: "Köçdən sonra artıq Azərbaycan cəmiyyətində özünəinam hissi artmağa başlayıb. Bununla yanaşı bildiyiniz kimi, Ermənistanda hələ də revanş güclər var. Bu güclərin planları alt-üst olacaq. Ermənistanda Qarabağı yenidən işğal edəcəklərini düşünənlər var. Köçün təmin olunması ermənilərin işğalçılıq siyasətinin üstündən xətt çəkməkdədir. Eyni zamanda kənar güclərin, o cümlədən Fransanın regionla bağlı çirkin planlarının qarşısı alınacaq".

 

Gülşən Şərif