Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.

AQTA-dan İqtisadiyyat.az-a verilən məlumata görə, görüşdə AQTA sədrinin müavinləri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri və “Rosselxoznadzor”un rəhbərinin müavinləri, idarə rəisləri və başqaları iştirak ediblər.

Görüş zamanı bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin Qanundan irəli gələn tələblər, xüsusən də Rusiya Federasiyasından ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının istehsal və emal edildiyi obyektlərin qiymətləndirilməsi prosesi nəzərdən keçirilib, müvafiq məsələlər müzakirə olunub.

“Rosselxoznadzor”un nümayəndələri Rusiya Federasiyası istehsalçılarının qeydiyyata alınması prosesinin beynəlxalq standartlara uyğun aparıldığını vurğulayıblar və prosesin gedişindən məmnunluq ifadə ediblər. Eyni zamanda, bu işin ikinci mərhələsinə keçidə qədər qiymətləndirmə prosesinin qanunvericiliyə uyğun şəkildə davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

AQTA-nın nümayəndələri isə Rusiya Federasiyasında fəaliyyət göstərən istehsal müəssisələrinin qiymətləndirilməsi işində göstərilən köməyə görə “Rosselxoznadzor”a minnətdarlıqlarını bildiriblər. Həmçinin vurğulanıb ki, “Rosselxoznadzor”la razılaşdırılmış istehsal müəssisələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra qeydiyyat və təsdiq məsələləri növbəti mərhələdə həyata keçiriləcək.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.