Məlum olduğu kimi, ötən ilin noyabrında Azərbaycanda “Apple Pay” ödəniş həlli aktivləşdirilib. Qısa müddətdə yeni ödəniş sistemi azərbaycanlılar tərəfindən böyük maraqla qarşılanıb, aktiv şəkildə istifadə olunmağa başlanılıb.

Hətta Mərkəzi Bank Azərbaycanda digər ödəniş həllərinin - “Google Pay” və “Samsung pay”in istifadəyə verilməsi ilə bağlı beynəlxalq şirkətlərlə danışıqların aparıldığını bildirib.

“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) sorğu göndərib. Mərkəzi Bankdan bildirilib ki, beynəlxalq kart təşkilatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və innovativ ödəniş həllərinin ölkəyə gətirilməsi məqsədilə 2021-ci ildə “Visa” və “MasterCard” beynəlxalq kart təşkilatları ilə növbəti strateji dövr üçün əməkdaşlıq müqavilələri imzalanıb və icrası 2021-ci ildə nəzərdə tutulan tədbirlər üzrə birgə fəaliyyət təşkil olunub: “Bu istiqamətdə həyata keçirilmiş tədbirlər çərçivəsində Mərkəzi Bankın təşəbbüsü, bank sektoru və beynəlxalq kart təşkilatlarının dəstəyi ilə ölkədə təmassız ödəniş həllərinin çeşidinin artırılması və innovativ texnologiyaların tətbiqi məqsədilə “Apple Pay” ödəniş həlli 02 noyabr 2021-ci il tarixində Azərbaycanda uğurla aktivləşdirilib”.

AMB-dən qeyd olunub ki, “Apple Pay” ödəniş həlli istifadə verildiyi müddətdən 2021-ci ilin sonuna qədər (xidmətin istifadəyə verildiyi iki ay ərzində -red.) “Apple Pay” vasitəsilə 36.1 milyon manat həcmində 1.1 milyondan çox əməliyyat həyata keçirilib.