Azərbaycanın Aktaudakı baş konsulluğunda böyük Qələbənin başlanğıcı kimi tarixə düşən Aprel döyüşlərinə həsr olunmuş “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.

Baş konsulluqdan İqtisadiyyat.az-a bildirilib ki, tədbirdə Türkiyənin baş konsulluğunun əməkdaşları, Mangistau vilayətinin yerli qurumlarının təmsilçiləri, Azərbaycan, türk, rus, Ukrayna, gürcü diasporlarının nümayəndələri, azərbaycanlı iş adamları, tələbələr iştirak ediblər.

Əvvəlcə konsulluğun binasında açılmış sərgiyə baxış keçirilib.

Azərbaycanın Aktaudakı baş konsulunun vəzifələrini icra edən Elçin Məmmədov tədbiri açdıqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Diplomat Aprel döyüşlərinin tarixi əhəmiyyətindən söz açıb, bu döyüşlərin erməni faşizmi üzərində böyük Qələbənin başlanğıcı olduğunu diqqətə çatdırıb.

Bildirib ki, həmin döyüşlərdən dörd il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənə layiqli cavab verərək erməni hərbi birləşmələrini məhv edib, torpaqlarımızı işğaldan azad edib.

Türkiyənin Aktaudakı baş konsulluğunun konsulu Yıldırım Büker çıxışında ölkələrimiz arasındakı qardaşlıq münasibətlərindən danışıb, prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın sıx, qardaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib.

Diplomat Azərbaycanın regionda lider dövlət, hərbi və siyasi qüdrəti ilə beynəlxalq arenada böyük nüfuz sahibi olduğunu bildirib.

Daha sonra Mangistau vilayətinin iş adamları birliyinin sədri Urisbayev Abat Jangirxanoviç çıxış edərək, qazax xalqının qardaş Azərbaycan xalqına xüsusi rəğbət bəslədiyini və daim dəstək verdiyini vurğulayıb.

Azərbaycan İcmasının rəhbəri Şəmsəddin Hüseynov çıxışında rəşadətli Ordumuz tərəfindən şanlı Bayrağımızın Lələtəpə yüksəkliyində dalğalanmasının böyük qürur hissi duyduqlarını, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin təkcə Azərbaycanda deyil, Qazaxıstan və Türkiyədə, eləcə də bütün Türk dünyasında böyük sevinc və coşqu hissi ilə qarşılandığını qeyd edib.

Sonra Aprel döyüşlərinin iştirakçısı Faiq Əhədli, Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov və başqaları çıxış edərək 2016-cı ildə baş vermiş “dördgünlük müharibədə” hərbçilərimizin qəhrəmanlığından, bir sıra ərazilərin və bəzi strateji mövqelər düşməndən azad olunmasından bəhs ediblər.

Sonda sənədli film nümayiş olunub.