“Dövlət müəssisələrini üç bloka bölmək olar. İnvestisiya Holdinqinin idarəetməsinə verilənlər, digər nazirliklərin tabeliyində fəaliyyət göstərənlər, Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində fəaliyyət göstərənlər. Sonuncular artıq özəlləşdirmə üçün açıq elan edilmiş qurumlardır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, İnvestisiya Holdinqinin tabeliyində olan müəssisələrin artıq Müşahidə şuraları formalaşıb:

“Müşahidə Şurasının fəaliyyətinin əsas hissələrindən biri də müəssisələrin fəaliyyətinin qiymətləndirilməsidir. Qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün müvafiq strategiyanın qəbul edilməsi əsas hədəfdir. Prinsip etibarilə strateji baxış olaraq bütün qurumlarda konsensus var ki, müəssisələrin özəlləşdirilməsi istiqamətində müzakirələr getməkdədir. Bu müzakirələr işçi xarakter daşıyır. Növbəti illərdə bu işin nəticəsini görəcəyik”.

Eləcə də, nazir ölkəmizdəki vergi siyasətinə də toxunub və bildirib ki, Azərbaycanda vergi yükü Avropa ölkələri ilə müqayisədə daha aşağı, Qazaxıstan, Rusiya, Gürcüstan kimi ölkələrlə müqayisədə daha yuxarıdır:

“Bu da ölkələrin yürütdüyü siyasətlə bağlıdır. Keçid layihələri ilə bağlı problemi biz bilirik. 2019-cu ilin dekabrında Vüqar Gülməmmədovla bu məsələni müzakirə etmişəm. Bu gün biz keçid layihələrinin yaratdığı problemi geniş şəkildə araşdırırıq. Bu problemin kökü dərindir. Devalvasiya dövründə bəzi sahələrə maliyyə ayrılmasının dayandırılması və digər məsələləri də qeyd etmək olar. Əsas prioritet ondan ibarətdir ki, ilk olaraq başlanmış layihələrin başa çatdırılmasına nail olunmalıdır. Bizim yeni layihələrə başlamamağımız mümkün deyil. Amma çalışırıq ki, bu sistemə keçək”.