Birinci nəslin Range Rover Evoque modeli beşqapılı kuzov ilə yanaşı, üçqapılı və kabriolet kuzovları ilə də təklif edilirdi. Cari Evoque modelinin artıq belə versiyaları yoxdur, lakin bu günlərdə krossover yeni bir versiyaya sahib olub – bu, Çin bazarı üçün hazırlanmış uzunbazalı versiyadır.

Məlum məsələdir ki, Çində avtomobil satmaq istəyirsənsə, mütləq uzunbazalı versiya təklif etməlisən: Çin Land Rover markası üçün ən iri bazarlardan biridir. Müqayisə üçün, Britaniya markası keçən il Çində 83 min, ABŞ-da isə 80 min avtomobil satıb.