97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinə 59 məntəqə daxildir. Bu seçki məntəqələrindən biri Ağdərədə, digəri isə Suqovuşanda fəaliyyət göstərir.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 97 saylı Tərtər-Ağdərə-Goranboy Dairə Seçki Komissiyasının (DSK) sədri Həmid Mehtiyev deyib.
Həmid Mehtiyev qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 11 nəfərdən yeddisinin namizədliyi qeydə alınsa da, sonradan biri öz istəyi ilə namizədliyini geri götürüb: “Hazırda 6 namizəd təşviqat işləri ilə məşğuldur”.
“Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Dairənin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib və elektrik generatorları işlək vəziyyətdədir.
Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 49 min 185 seçici qeydə alınıb. Seçicilər arasında yaşı 100-dən yuxarı olan vətəndaşların sayı 7 nəfərdir. İlk dəfə səsvermə hüququ qazanan gənclər isə 506 nəfərdir”, - deyə DSK sədri əlavə edib.