"İnstagram”, “Tiktok” və bu kimi digər sosial şəbəkələrdə məhsul satışı ilə bağlı müxtəlif elanlara rast gəlinir. Əksər hallarda insanlar həmin elanlara inanaraq məhsul sifariş etdikdə aldadıldıqlarını, bank kartlarından müəyyən məbləğdə vəsaitin çıxılaraq sifarişin çatdırılmadığını bildirirlər. Bu kimi hallarla üzləşməmək üçün vətəndaşlar nə etməlidir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, yerli onlayn ticarətçilər sosial platformalar vasitəsilə sanki istehlakçıları aldatmaqda əl-ələ veriblər.

O, rəhbərlik etdiyi təşkilata bu istiqamətdə xeyli sayda şikayətlərin daxil olduğunu söyləyib: “Həmin şikayətləri İqtisadiyyat Nazirliyinə göndərirəm, lakin nazirlik, demək olar ki, məsələnin həllində heç bir iş görmür. Bu sahədə çox böyük problem yaşanır”. 

Sədr onlayn ticarətdə istehlakçıların daha çox aldadılma hallarına nümunələr də göstərib: “İstehlakçı malı seçir, çatdırılmır. Yaxud istehlakçı malı seçir, çatdırılır, lakin onu dəyişmək istədikdə geri götürülmür. Belə olan halda istehlakçı dövlət orqanına müraciət edir. Oradan isə şikayətçiyə bildirilir ki, məsafədən almısan, ona görə də biz bu məsələdə sizə yardım edə bilmərik və s. Yəni çox sayda belə problemlər yaşanır”. 

E.Hüseynov onlayn ticarətin qurbanına çevrilməmək üçün istehlakçılara tövsiyələrini də bölüşüb: “Bütün hallarda istehlakçılar diqqətli olsunlar. İstehlakçılara məhsul, adətən, axşam saatlarında metro çıxışlarında təhvil verilir və onlar mala baxa bilmirlər. Tövsiyəm odur ki, aldıqları məhsulu diqqətlə nəzərdən keçirsinlər, məhsulun qəbzini tələb etsinlər, bütün bu halları diqqətdə saxlasınlar”.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, sosial şəbəkələr üzərindən alış-veriş fəaliyyəti ilə məşğul olmaq təhlükəlidir.

Onun sözlərinə görə, sosial şəbəkə üzərindən məhsulun şəklini qoyaraq rəy bölməsində və yaxud da statusda qiymət yazmaq sahibkarlıq fəaliyyəti demək deyil: “Bu, belə ifadə etsək, “çamadan ticarəti”dir. Bu, özlüyündə etibarlı deyil. Yaxşı olar ki, insanlar məhsulları sahibkarlıq fəaliyyəti ilə məşğul olan onlayn alış-veriş saytlarından sifariş etsinlər. Sosial şəbəkələrdə də həmin o saytlardan alınan linkləri qoyub məhsulu reklam etmək, onunla maraqlanmaq olar. Amma məhsulu onlayn alış-veriş saytının özündən almaq tövsiyə olunur. Çünki ora sahibkarlıq fəaliyyətidir”.

Mütəxəssis vurğulayıb ki, sosial şəbəkələrdə bu gün bir profil açılırsa, başqa biri bağlanır və insanlar orada heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan, vergi ödəmədən, heç bir məsuliyyət daşımadan əldən-ələ məhsul satırlar: “Pulları da “card to card” ilə ödəyirlər. Bu isə kibertəhlükəsizliyə, kibertalançılığa, kiberdələduzluğa şərait yaradır. Buna görə də sosial şəbəkələrdən qoyulan məhsulun birbaşa alınmasını tövsiyə etmirəm. Nəzərə almaq lazımdır ki, sosial şəbəkələr bir icmadır və oradan hər hansı bir məhsul barədə məlumat əldə etmək olar. Məsələn, insanlar sosial şəbəkələrdə təqdim edilən hər hansısa bir məhsul barəsində rəy yazaraq fikirlərini bölüşə bilərlər, bu isə həmin məhsuldan yararlanmaq istəyən şəxsdə onun keyfiyyəti ilə bağlı müəyyən fikirlər formalaşdıra bilər. Ümumilikdə, sosial şəbəkələr üzərindən birbaşa məhsul almaq özlüyündə təhlükəlidir. İnsanlar yaxşı olar ki, məhsullarını etibarlı alış-veriş saytları üzərindən alsınlar. O halda məhsulda problem də çıxdıqda pullarını geri qaytara bilərlər”.

Mütəxəssislərin də qeyd etdiyi kimi sosial şəbəkələr üzərindən məhsul sifarişləri ilə bağlı dələduzluq halları artmaqdadır. Bu yöndə müvafiq qurumlar tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilsə də, görünən odur ki, onlayn ticarətdə istehlakçı hüquqları bu və ya digər səbəblərdən pozulmaqdadır. Belə hallarla üzləşən istehlakçıların hüquqları necə tənzimlənir?

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, əgər sosial platformalar vasitəsilə verilən elanlar doğru çıxmırsa, hər hansı formada ödəniş olunursa və həmin ödənişin qarşılığında ona sifariş edilən mal çatdırılmırsa, burada artıq dələduzluq cinayətinin elementləri yaranır.

Hüquqşünasın sözlərinə görə, bununla bağlı vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər: “Təbii ki, həmin dələduzluq faktının baş verib-verməməsi, ümumiyyətlə, bunun inzibati xəta, yoxsa məbləğindən asılı olaraq cinayət məsuliyyətinə səbəb olub-olmaması hüquq mühafizə orqanı tərəfindən araşdırılır və müvafiq olaraq qərar qəbul edilir. Əgər digər tərəfin günahı sübuta yetirilərsə, o, cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb oluna və cəzalandırıla bilər”.

R.Əliyev bildirib ki, sifarişdə verilən formada malın doğru gəlməməsi halı istehlakçı hüquqlarının pozulmasına da səbəb olursa, bu halda onlar həm İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, həm də ortada dələduzluq cinayətinin elementləri varsa, paralel olaraq da hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər: “Amma bütün hallarda tövsiyə olunan odur ki, internet üzərindən xüsusilə şübhəli elanlar, yəni dəyərindən qat-qat aşağı təklif olunan məhsullar, yaxud da firmaların saxta formalarından istifadə edilərək vətəndaşlara təklif olunan məhsulları almaq istəyərkən ehtiyatlı olsunlar. Həmin məhsulun, həqiqətən də, istehsalçının özü tərəfindən satılıb-satılmadığını dəqiqləşdirməyə çalışsınlar. Onlara şübhəli gələn bir məqam varsa, bu kimi yerlərə pul ödəməmək tövsiyə olunur”. 

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Sadiq Cavadov