Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar və şirkətin əməkdaşları üçün genişmiqyaslı təlimlər keçir.

İqtisadiyyat.az xəbər verir ki, təlimin məqsədi baş verə biləcək müxtəlif hadisələrə uyğun olaraq təhlükə və maneələrin marşallar tərəfdən tez bir zamanda aradan qaldırılmasına yönəlib.

Avropa Oyunları Parkında yerləşən Bakı Şəhər Halqası Təlim Mərkəzində təşkil olunan təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə Bakı yarışının idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılır.

Praktiki hissədə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq edirlər.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 sentyabrın 13-dən 15-dək baş tutacaq və yarış müddətində 1 250 marşal cəlb ediləcək. Ümumilikdə builki Bakı yarışında marşal olaraq iştirak etmək üçün 2 800 müraciət daxil olub, bunlardan 2 510-u yerli, 290-u isə əcnəbi marşallardır.