Ötən il Azərbaycanda özünüməşğulluq proqramına cəlb olunmuş 16 232 nəfərdən 4 408-i qadın olub.

İqtisadiyyat.az  xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Sədaqət Qəhrəmanova Bakıda “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda keçirilən forumda bildirib.

“Qadınlarımız əsasən kənd təsərrüfatı, yeyinti məhsulları, balıqçılıq, ticarət, yüngül sənaye, xalçaçılıq, xalq sənətkarlığıilə bağlı sahələrdə sahibkarlıq fəaliyyəti göstərir", - o deyib.

S.Qəhrəmanova həmçinin əlavə edib ki, BMT-nin, Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və BP şirkətinin maliyyə dəstəyi ilə Azərbaycanın regionlarında 17 qadın resurs mərkəzi yaradılıb: "İndiyə qədər bu mərkəzlərin müxtəlif peşələrə yiyələnməklə bağlı keçirdiyi təlimlərdə 8 200 qadın iştriak edib, onlardan 600-ə yaxını sahibkarlıq fəaliyyətinə başlayıb. Bu yolla sosial baxımdan zəif, hüquqları pozulmuş, boşanmış, tənha qadınların biznes qurmasına dəstək verilir".

Tədbirdə çıxış edən Sahbikarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, Azərbaycanda fərdi sahibkarlıqla məşğul olan qadınların sayı 266 min nəfəri keçib.

"Hazırda onlar ölkədəki fərdi sahibkarların 22 %-ni təşkil edir. Bu gün işçi qüvvəsinin 48 %-i, elmi-pedoqoji fəaliyyətlə məşğul olanların 54 %-i qadınlardır", - o əlavə edib.