“2021-ci ildə Azərbaycandakı kiçik və orta biznesin (KOB) inkişaf mərkəzlərinin keçirdiyi təlimlərdə 9 000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın iştirak edib”.

“Report” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu” mövzusunda konfransda bildirib.

“Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi masalar təşkil olunur. KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur ki, ötən il Şuranın tədbirlərinin biri də “Qadın sahibkarlığı: mövcud vəziyyət və perspektivlər” mövzusunda olub. Dəstək tədbirlərdən biri də ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatı ilə (UAFA) birlikdə həyata keçirən “Məktəbim” layihəsidir.

Layihə çərçivəsində 65 qadına KOBİM-lərin ekspertləri biznesyönümlü təlimlər keçib, onlara biznes planlarının hazırlanmasına dəstək göstərib. Agentliyin dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar. Belə ki, ötən il ərzində üç qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, dörd qadın sahibkara üç il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib, o cümlədən qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən “Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 99 qadın yararlanıb”, - deyə o qeyd edib.