Azərbaycan qazının Avropaya nəqlinin həcminin artırılması ilə bağlı növbəti layihə gələn ay baş tutacaq. Bununla bağlı həm Azərbaycan, həm də Türkiyə tərəfindən müxtəlif gözləntilər var. 
Söhbət Fevralın 3-də Bakıda təqdim olunacaq Azərbaycan təbii qazının Avropaya əlavə tədarükü layihəsindən gedir. Bu layihə ilə Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın dərhal nəqlinə imkan yaranacaq. Bu barədə hələ bir müddət əvvəl Bolqarıstanprezidenti Rumen Radev bildirmişdi.
İqtisadiyyat.az-ın məlumatına görə, görüşlə bağlı millət vəkili Vüqar Bayramov bildirdi ki, “fevral ayı üçün planlaşdırılan müzakirələrdə Bolqarıstanın Azərbaycan aldığı mavi qazın həcminin artırılması əsas mövzulardan biridir. Azərbaycan mövcud şəbəkə eləcə də Cənub Qaz Dəhlizi, Yunanıstan Bolqarısatn interkonnektoru vasitəsilə Bolqarıstana daha çox mavi yanacaq ixrac etmək potensialına malikdir. Bu da ondan xəbər verir ki, Bolqarıstan Şərqi Avropa ölkəsi olaraq Azərbaycandan növbəti illərdə daha çox mavi qaz almaq imkanına malik olacaq.
Bolqarıstan tərəfə baxdıqda isə, energetika naziri Rosen Xristov bildirmişdi ki, ölkəsi təbii qazın həcminin artırılması ilə bağlı Azərbaycanla danışıqları davam etdirəcək. Nazir Bolqarıstanın Rumıniya ilə də 2026-cı ildən sonrakı qaz tədarükü ilə danışıqlara başlamaq niyyətini bildirmişdi. Nəzərə alsaq ki, Rumıniyaya da qaz əsasən Azərbaycandan gedəcək, deməli Bakı görüşünün əhımiyyəti daha da artmış olur.
Hazırda Azərbaycan Bolqarıstanın qaz tələbatının 27 faizini təmin edir. 2022-ci ildə Azərbaycan Bolqarıstana təqribən 400 milyon kubmetr qaz ixrac edib. 2023-cü ildə isə Bolqarıstan Azərbaycandan 2 milyon kubmetr illik olaraq mavi yanacaq idxal etmək niyyətindədir. Bu yaxınlarda Türkiyə ilə Bolqarıstan arasındakı anlaşmaya görə də Türkiyədəki qovşağdan Avropa ölkəsinə qaz ötürüləcək. Həmin qaz mənbəsində aparıcı rol Azərbaycandır.
Xatırlatma üçün nildirək ki,  Bolqarıstanın qaz ehtiyacı illik 3,5 milyard kubmetrdir. Bu baxımdan da fevral ayında Bakıda təqdim olunacaq yeni layihə Azərbaycanın qaz nəqlinin artırılması baxımından böyük əhəmiyyətə malikdir.

SAMİR CABBAROV