"Qlobal istehlak bazarında müşahidə edilən qiymət artımları Azərbaycana da idxal inflyasiyası formasında təsir edir. Çünki respublikamız bir sıra ərzaq məhsulları üzrə ümumi tələbin müəyyən hissəsini idxal hesabına ödəyir. Dünya bazarında müşahidə edilən qiymət artımları da məhz həmin məhsulların idxal xərcinin və daxili bazarda xaricdən gətirilən ərzaq məhsullarının qiymətinin artmasına gətirib çıxarır. 

Bu baxımdan “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da əsas vəzifə minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları üzrə tələbin tam olaraq yerli istehsal hesabına ödənilməsi ilə bağlıdır. Təbii ki, minimum istehlak səbətinə daxil olan bəzi məhsullar üzrə idxaldan asılılıq növbəti dövrlərdə də qala bilər. Amma məqsəd bütövlükdə idxalın istehlakda payının azaldılmasına və bununla da idxal inflyasiyasının təsirlərinin minimallaşdırılmasına nail olmaqdır."

İqtisadiyyat.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan qabaqlayıcı addımlarla dünya bazarında taxıl qıtlığını və taxılın qiymətinin artmasının istehlak bazarına təsirlərini minimumlaşdıra bilib. Özü də bu məsələni hazırda dünyada yaşanan ən ciddi problemlərdən biri olan taxıla tələbatın ödənilməsi şəraitində gerçəkləşdirib:

"Yeri gəlmişkən, bu gün xüsusən Yaxın Şərqdə və Şimali Afrikada taxıla tələbin ödənilməsində ciddi çətinliklər var. O cümlədən, inkişaf etmiş ölkələrdə taxılın qiymətində artımlar müşahidə olunur.

Azərbaycan taxıl qıtlığının istehlak bazarına təsirinin minimallaşdırılması üçün qabaqlayıcı, preventiv addımlar atdı. Yanvar ayında taxıl idxalının 4 dəfə artırılması da birbaşa məhz qabaqlayıcı tədbirlərlə bağlı idi. Bu, taxıla tələbatla bağlı potensial çətinliklərin aradan qalxmasına imkan verdi."

Taxıla tələbatın ödənilməsi baxımından işğaldan azad olunan ərazilərin böyük potensialından artıq istifadə olunmağa başlanıb. Uzun müddət Ermənistan həmin torpaqlarda qanunsuz əkin aparıb, resurslarımızı mənimsəyib. Azərbaycan həmin əraziləri işğaldan azad etdikdən sonra isə ilkin qiymətləndirmə aparıb və həmin ərazilərdə əkin torpaq fondunun 200 min hektar təşkil etdiyini bildirib.

Qeyd edək ki, hazırda həmin torpaq fondunun 100 min hektarının bu ilin sonuna qədər tamamən minalardan təmizlənməsi gözlənilir. Bu da taxıl da daxil olmaqla, bir sıra strateji ərzaq məhsullarına tələbin ödənilməsində işğaldan azad edilmiş ərazilərimizin payının artırılmasını reallaşdırmağa imkan verəcək.