“Drujba neft kəməri tezliklə yenidən işə salına bilər, çünki kəmərdə ciddi zədə yoxdur.”

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto Facebook səhifəsində yazıb.

Szijarto Polşanın xarici işlər naziri ilə danışdıqdan sonra Macarıstanın Polşada Ukrayna sərhədi yaxınlığında baş vermiş partlayışla bağlı araşdırmalarının nəticələri ilə bağlı Polşadan əlavə məlumat gözlədiyini də bildirib:

"Hazırkı məlumata görə, "Drujba" kəmərinin özü zədələnməyib, kəməri idarə edən infrastrukturun yalnız bir elementi, elektrik stansiyası sıradan çıxıb.”

Szijjarto Macarıstanın bir neçə aylıq neft ehtiyatına malik olduğunu və ölkənin tədarükünün risk altında olmadığını da vurğulayıb.

Xatırladaq ki, Macarıstan və Slovakiyadakı neft kəməri operatorlarının bildirdiyinə görə, çərşənbə axşamından Drujba boru kəmərinin bir hissəsi ilə Şərqi və Mərkəzi Avropanın bəzi hissələrinə neft nəqli müvəqqəti olaraq dayandırılıb.

Macarıstanın MOL şirkəti tərəfindən yayılan məlumata görə, onun ukraynalı partnyoru şirkətə Rusiya raketinin Belarus sərhədinə yaxın bir elektrik stansiyasına düşdüyünü və bu, nasos stansiyasını elektrik enerjisi ilə təmin edən elektrik stansiyasının dayanmasına səbəb olduğunu bildirib. Slovakiyanın “Transpetrol” şirkəti də “Ukrayna tərəfindəki texniki səbəblərə” əsaslanaraq, kəmərdə nəqlin dayandırılmasını təsdiqləyib, lakin raket zərbəsi barədə məlumat verməyib.