Dünya bazarında neft qiymətləri cümə axşamı səhər saatlarında təxminən 1% artıb, investorlar ABŞ-da keçən həftə kommersiya ehtiyatlarında azalma ilə bağlı statistikanı qiymətləndirir.

“Prime” xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Bakı vaxtı ilə saat 09:09-a olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,9% artaraq bir barel üçün 51,54 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 1,02% artaraq bir barel üçün 48,31 ABŞ dollarına çatıb.

Çərşənbə axşamı ABŞ Energetika Nazirliyi ölkədə kommersiya məqsədli neft ehtiyatlarının (strateji rezervlər hesaba alınmadan) dekabrın 11-də bitən həftə üçün 3,1 milyon barel azaldığını açıqlayıb. Hesabat dövründə hasilat da gündəlik 0,1 milyon barel azalaraq 11 milyon barel/günə düşüb.

“ABŞ-da neft hasilatı oktyabr ayının sonundan bəri ilk dəfə azalıb”, - ANZ analitikləri bildiriblər. Belə ki, bundan əvvəl 30 oktyabr tarixində bitən həftədə hasilatda gündəlik 0,6 milyon barel azalma qeydə alınmışdı, nəticədə həmin dövrdə hasilat gündəlik 10,5 milyon barelə çatmışdı.

İnvestorlar həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FES) çərşənbə günü açıqlanan iclasının nəticələrini də qiymətləndiriblər. Tənzimləyici əsas faiz dərəcəsini gözlənildiyi kimi, cari 0-0,25% səviyyəsində saxlayıb. Üstəlik, əksər komitə üzvləri dərəcənin 2020-2023-cü illərdə elə bu səviyyədə qalacağını gözləyir. FES başçısı Cerom Pauell ABŞ iqtisadiyyatının əlavə stimula ehtiyac duya biləcəyinə diqqətə çatdırıb. Ölkə iqtisadiyyatına dəstək gözləntiləri tələbin perspektivinə müsbət təsir göstərir.