İtaliyanın "Yuventus" klubuna nəzarət edən "Exor" holdinq şirkətinin nümayəndəsi Turin klubunun satışa çıxarılacağı ilə bağlı yayılan informasiyanı yalanlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, "Tuttosport" adını açıqlamadığı şəxsin bu barədə dediyini belə çatdırıb:

"Yuventusun mümkün satışı ilə bağlı mətbuatın irəli sürdüyü fərziyyələr əsassızdır".

Daha öncə "Il Giornale" “Yuventus”un sahibi olan Anyellilər ailəsinin klubu satmaq qərarına gəldiyini və artıq potensial alıcıların axtarışına başladığını bildirmişdi.

Anyellilər ailəsi 100 ildir ki, "Yuventus"un sahibidir. 2010-cu ildən Turin təmsilçisinin prezidenti olan Andrea Anyelli 2022-ci ilin noyabrında postunu tərk edib. O, klubda maliyyə fırıldaqları ilə bağlı aparılan araşdırmalar fonunda istefa verib.

Ötən mövsüm maliyyə fırıldaqlarına görə 10 xalı silinən "Yuventus" A Seriyasındakı mübarizəni 62 xalla 7-ci yerdə tamamlayıb.