Ötən gün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə məktəblilər yol-patrul xidmətinin fəaliyyətilə yaxından tanış olmaq məqsədilə növbəti dəfə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin, daha sonra Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün və DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binalarına ekskursiya ediblər.

İqtisadiyyat.az xəbər verir ki, məktəblilərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, inzibati hüquqpozmalara, eləcə də cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub.

Tədbirin keçirilməsində əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir.