“Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının mövcud olmasına baxmayaraq, elektron imza sertifikatları aktivləşdirilməyib”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin “Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsinə dair” analitik hesabatın təqdim olunduğu konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə heyətinin sədri Zahid Oruc deyib.

O qeyd edib ki, son illər insanların öz hüquqlarının qorumasına dair fəallığı artıb:

“Soğrular göstərir ki, azərbaycanlılar ən çox sosial hüquqlara önəm verirlər. İctimai-siyasi hüquqlar ondan sonra gəlir, halbuki müəyyən platformalarda tam əks mənzərə canlandırılır. Rəqəmsal texnologiyaların idarəçiliyin ayrılmaz hissəsinə çevrilməsi, qaynar xətlərin və vətəndaşların elektron müraciətlərinə baxılmasının keyfiyyətini qiymətləndirməyə imkan verir. Dövlət orqanlarına daxil olan şikayətlər reallığı görməyə imkan verir. 

Onu da qeyd edim ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizədə inqilabi islahatlardan olan “ASAN xidmət” mərkəzlərinin yaradılması məişət korrupsiyasının qarşısının alınmasında mühüm tədbirlər sayılır. Ümumilikdə xüsusi vurğulayaq ki, elektronlaşan və elektronlaşmayan xidmətlər üzrə vahid məlumat bazasının olmaması tədqiqatın effektiv aparılmasına mane olan əsas amillərdəndir”.

Gülşən Şərif