UEFA Azərbaycan klublarının avrokuboklardakı ev oyunlarını eyni günə - 10 avqusta təyin edib.

AFFA matçlardan azı birinin vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etsə də, razılıq əldə edilməyib. AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli İqtisadiyyat.az-a açıqlamasında qurumun yekun qərar verdiyini və matçların eyni gündə olacağını bildirdi:

"Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin".

"Qarabağ"ın Avropa Liqasında HİK-ə, Konfrans Liqasında "Neftçi"nin "Beşiktaş"a və "Sabah"ın "Partizan"a qarşı keçirəcəyi ev oyunu 10 avqustda olacaq.