Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi Hərbi Dəniz Qüvvələri üçün yeni tipli gəmilərin inşasına qərar verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası məlumat verib.

"İclasda hərbi gəmilərin yaradılması proqramı çərçivəsində təyyarədaşıyan gəminin layihələndirilməsi və MİLGEM gəmilərinin inşası mərhələsinə daxil olmaq barədə qərar qəbul edilib. I dərəcəli freqatların, dəniz patrul gəmilərinin, yeni tipli gəmilərin inşası barədə qərar qəbul edilib", - məlumatda deyilir.

"Yeni PUA-ların tətbiqi kontekstində layihələr müzakirə edilib və qərarlar qəbul edilib. Milli "Kaan" beşinci nəsil döyüş təyyarələrinin gələcəkdə istifadəsi, Hürkuş təyyarələri və Gökbəy helikopterlərinin tədarükü barədə fikir mübadiləsi aparılıb", - deyə görüşdən sonra bildirilib.