"Türkiyə polisi reydlər keçirərək 56 nəfəri saxlayıb. Onların barələrində İnterpol bildirişi olduöu bəlli olub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya "X" səhifəsində məlumat verib.

Nazir qeyd edib ki, saxlanılan şəxslər İnterpolun qırmızı bülleteninə salınıb və onlardan bəziləri üçün təcili saxlanılma ilə bağlı xəbərdarlıq edilib.

Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Moldova, İsrail, İran, BƏƏ, ABŞ, Almaniya da daxil olmaqla 18 ölkədən həbslə bağlı sorğular daxil olub. Reydlər Türkiyənin 11 vilayətində, o cümlədən İstanbul, Antalya və İzmirdə eyni vaxtda keçirilib.

"İnterpol tərəfindən axtarışda olan və ölkəmizdə qalmaq niyyətində olan 56 nəfər İnterpol, Avropol, Türkiyə Təhlükəsizlik Baş İdarəsinin kəşfiyyat şöbəsi və vilayət polis idarələrimizin birgə həyata keçirdiyi tədbirlər nəticəsində yaxalanıb", - nazir yazıb.

Yerlikaya aydınlıq gətirib ki, saxlanılan şəxslər mütəşəkkil cinayət qruplarında iştirak, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, dələduzluq, hücum, soyğunçuluq, qaçaqmalçılıq, qəsdən adam öldürmə və digər cinayət əməllərində şübhəli bilinərək axtarışda olublar.