Trans-Xəzər nəqliyyat dəhlizinə dünyanın müxtəlif ölkələri tərəfindən marağın artması müşahidə olunur. Bu dəhlizdə aparıcı rolu Azərbaycan oynayır. 
İlk olaraq baxaq sözügüdən dəhlizə marağın artmasına…

   Hazırda dünyada Rusiya-Ukrayna müharibəsi davam edir. Bu səbəbdən də Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə problemlər yaranıb. Elə buna görədir ki, Avropa İttifaqı, Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən Rusiyadan yan keçən nəqliyyat dəhlizlərinin olmasının tərəfdarıdır. Aİ rəsmisinin bəyanatı da bunu sübut edir.
  Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borel bildirdi ki, “regionun rəhbərləri müxtəlif  islahat proqramları həyata keçirirlər. Bundan başqa, region ölkələri arasında əlaqələr yaxşılaşır. Aİ olaraq bu dəyişimlərdən istifadə etməkdə maraqlıyıq. Aİ enerji təchizatında, mühüm xammal təchizatında və Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizlərində təmsil olunan Mərkəzi Asiyanın böyük potensialından istifadə etməlidir. Bu, xüsusilə Trans-Xəzər nəqliyyat marşrutuna aiddir.”
Josp Borelin bu çıxışından əvvəl 13 oktyabr 2022-ci il tarixində Qazaxıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətindən danışmışdı. O, Orta Dəhlizin inkişafını zamanın hökmü adlandırmışdı.
“Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, uzunmüddətli maraqlarda, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq. Yəni, bu mövzunun çox ciddi davamı olacaq.” – deyə Prezident İlham Əliyev qeyd etmişdi.

  Ümumiyytlə, göstəricilərə baxdıqda, məsələn, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır.  Bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. 2017-ci ildə işə düşən layihənin əhəmiyyəti dünyada yaranan yeni geosiyasi vəziyyətdən sonra daha da artacaq.
Millət vəkili Vüqar Bayramov deyir ki, “dəhliz həm də türk dövlətlərinin gəlirlərinin artıracaq. Bununla yanaşı iqtisadi baxımdan onların daha da yaxınlaşması və əlaqələrinin , yükdaşımaların, idxal-ixrac əməliyyatlarının artmasına imkan yaradacaq, türk dövlətləri arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişlənəcək. Nəzərə alsaq ki, Azərbaycan və Qazaxıstan yaxın illər üçün 1 milyard dollarlıq xarici ticarət dövriyyəsi hədəfləyir. “

  Məsələn, Azərbaycan üzərindən daşınan yüklər bu il 34 faiz artıb. Bu, Trans-Xəzər nəqliyyat dəhlizindən daha geniş istifadə olunacağı deməkdir və Avropadan Asiyaya və ya əksinə yüklərin daşınmasında Azərbaycan amilini daha da önə çıxaracaq. Üstəlik, Azərbaycan, Qazaxıstan, Türkmənistanda terminalların olması, hazırda olan terminalların genişləndirilməsi, yenilərinin tikintisinə başlanılması imkanları artıracaq.
  Bundan başqa, Bakı Tbilisi Ceyhan boru kəməri ilə Qazaxıstanın neft nəql etməyə başlaması da Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətində Azərbaycanın rolunu genişləndirəcək.
Gələcəkdə hətta Xəzər dənizinin dibi ilə Azərbaycan-Türkmənistan marşrutu üzrə magistral fiber-optik kabel xətti - Transxəzər Fiber Optik Kabel Xətti reallaşdırılacaq. Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi Avropa ilə Cənubi Asiya arasında ən qısa və məlumat ötürülməsində sürətin yüksək olduğu rəqəmsal dəhlizi formalaşdıracaq.

Samir Cabbarov