Suriya hökuməti Britaniyanın ictimai yayımı olan BBC-nin mətbuat akkreditasiyasını “qərəzli və yanlış xəbərlər yaydığı” səbəbilə ləğv etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, Suriya İnformasiya Nazirliyi BBC-nin “peşəkar standartlara cavab vermədiyini” bildirib.

BBC-nin son hesabatında Əsəd ailəsinin "Captagon" adlı amfetamin ticarəti ilə əlaqəsi olduğu bildirilib. BBC-dən xəbəri hazırlayan zaman müxtəlif mənbələrlə danışdıqlarını və qərəzsiz jurnalistika fəaliyyəti ilə məşğul olduqları bildirilib.

ABŞ, İngiltərə və Avropa Birliyi Suriya hökumətini "Captagon" istehsal etməkdə günahlandırıb və prezident Bəşər Əsədi ticarətin əsas fiqurlarından biri kimi göstərib. Dəməşq ittihamları rədd edir.

Suriya hökuməti BBC ilə bağlı qərarında "Captagon" hesabatına istinad etməyib. Hesabatda BBC-nin 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra "subyektiv və yalan məlumatlar təqdim etdiyi" iddia edilib.

İnformasiya Nazirliyi BBC-yə "bir dəfədən çox" xəbərdarlıq edildiyini, lakin "yalan yayımlarını davam etdirdiyini" bildirib.

BBC isə ərəb oxucuları üçün “qərəzsiz xəbərlər verməyə davam edəcəyini” bildirib.