Standard & Poor’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib. Kapital Bank-ın yaydığı məlumatda bildirilir ki, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentliyin fikrincə, Azərbaycanın iqtisadi və sahələr üzrə riskləri ilə bağlı qiymətləndirmə 9 səviyyəsindədir. Bu səbəbdən də qeyd olunan risklər üzrə tendensiyalar sabit olaraq qalır. Hazırda dünya üzrə bir çox dövlətlər, müəssisələr və təsərrüfat sahələri “COVID-19”un mənfi iqtisadi təsirini məhdudlaşdırmaq üçün strateji prosedurlar hazırlayır.

Hesabatda qeyd olunur ki, Kapital Bank-ın “stabil” proqnozu adekvat kapitallaşma səviyyəsinin, sabit əmanət portfelinin və yüksək likvidliyinin növbəti 12 aylıq dövr ərzində bankın kredit qabiliyyətini dəstəkləyəcəyinə dair gözləntiləri əks etdirir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir.