"20 il ərzində ümumi gücü 4000 MVt-a yaxın 71 elektrik stansiyasının inşası ilə ölkəmizin enerji sisteminin qoyuluş gücü 8002 MVt-a yüksəldi".

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.

"Xüsusilə 2006-2008-ci illərdə qısa müddətdə 856 MVt gücündə 7 modul tipli elektrik stansiyasının istismara verilməsi ölkənin elektrik enerjisi ilə təminatında vacib əhəmiyyətli hadisə idi. Sonra 525 MVt gücündə "Sumqayıt" ES, 780 MVt gücündə "Cənub" ES,  gücü 800 MVt-a çatdırılan "Şimal" ES, 385 MVt-lıq Qobu ES, habelə dövlət başçısının göstərişi əsasında davamlı həyata keçirilən yenidənqurma tədbirləri enerji təchizatında dayanıqlılığı təmin etdi. Hazırda ölkəmizdə 78 stansiya fəaliyyət göstərir: bunlardan 22-si istilik-elektrik stansiyası, 39-u su, 5-i külək, 8-i günəş enerjisi ilə işləyən stansiyalardır. Həmçinin 3 hibrid elektrik stansiya və 1 bioenerji elektrik stansiyası fəaliyyətdədir", - nazir bildirib.