Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Şenol Güneş “Neftçi”yə qarşı keçirəcəkləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin oyunları barədə ölkəsinin mətbuatına açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, 71 yaşlı mütəxəssis bu qarşılaşmaların hər iki komanda üçün faydalı olacağını bildirib:

“Neftçi” texnikalı və yaxşı komandadır. Rənglərimiz də eynidir. Rəqibin gözəl stadionu var. Onlar bizə, biz də onlara yad deyilik. Mərhələni keçmək istəyirik. Komandamı buna uyğun hazırlayıram”.

“Beşiktaş”ının iki aparıcı futbolçusu – Cenk Tosun və Rəşid Gezzal “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyunu buraxacaqlar. Şenol Günəşin sözlərinə görə, zədəsini yenicə sağaldan oyunçular avrokubok matçında meydana çıxmayacaqlar:

“Cenk Tosun ağır zədədən qayıdıb. Vəziyyəti normaldır. Amma “Neftçi” ilə qarşılaşmada iştirakı çətin görünür. Risk edə bilmərəm. Amma cavab matçında və çempionat qarşılaşmasında oynaya bilər. Gezzal isə fərdi məşqlərini davam etdirir. Bu həftədən komanda ilə hazırlığa başlayacağı gözlənilir”.

Yeni transfer Ante Rebiçin Bakı klubuna qarşı oynamaq şanslarını da dəyərləndirən təcrübəli çalışdırıcı xorvatiyalı hücumameyilli yarımmüdafiəçiyə şans verə biləcəyini istisna etməyib: “Fərdi məşqlərdə özünü yaxşı tərəfdən göstərdi. Komanda ilə hazırlıq keçmədiyi üçün müəyyən çatışmazlıqları var. Artıq bizimlə məşlərə başlayıb. Güc baxımından axsayırdı. Oynamağa tam hazır deyil. “Neftçi” ilə görüşdə meydana sonradan daxil olması daha düzgün olar. Amma onunla bağlı qərarımı iki gündən sonra verəcəyəm. Çünki çox çalışır”.

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da baş tutacaq. “Neftçi Arena”da keçiriləcək görüş saat 21:00-da start götürəcək. Cavab görüşü isə avqustun 17-də İstanbulda keçiriləcək