Səbail rayonunda 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısının müavinləri, RİHBA-nın və RPİ-nin əməkdaşları və polis veteranları iştirak ediblər.

Əvvəlcə Badamdar qəsəbəsində müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Daha sonra Səbail rayonunda yerləşən "Şəhidlər" abidə kompleksi ziyarət olunub.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ümummilli Liderin 1998-ci il 24 may tarixli Fərmanı ilə bu günün Azərbaycan Polis işçilərinin peşə bayramı kimi qeyd edildiyini nəzərə çatdırıb. RİH başçısı Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini bildirib. Vuqar Zeynalov Prezident İlham Əliyevin etimadına, diqqət və qayğılarına layiqincə cavab vermək üçün öz qüvvə və səylərinin əsirgəməyən polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən, müasir maddi-texniki bazaya, infrastruktura malik olan polis orqanlarının cinayətkarlığın qarşısının alınması, ictimai asayişin mühafizəsi, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi funksiyalarını peşəkarlıqla həyata keçirdiyini vurğulayıb.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail Rayon Polis İdarəsinin əməkdaşları və polis veteranlarına Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.