"Partizan"ın baş məşqçisi İqor Dulyay Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, serbiyalı mütəxəssis oyunöncəsi təşkil olunan mətbuat konfransında bunları deyib:

"Heyətdə bir-iki dəyişiklik olacaq. İlk oyundakı məğlubiyyətdən sonra da dedim, bütün məsuliyyət məndədir. Futbolçularım necə klubda olduqlarını başa düşməliyik. Azarkeşlərin də dəstəyi önəmlidir, onların köməyinə ehtiyacımız var. Çünki işlərimiz yaxşı getməyəndə bizi irəli çəkə bilərlər.

"Sabah"a gəlincə, nəyisə dəyişəcəklərinə inanmıram. Bəzi futbolçuları istirahət edib, böyük üstünlükləri və mükəmməl baş məşqçiləri var. Bəzən vurulan bir qol hər şeyi dəyişə bilər. Bizi nəyin gözlədiyini bilirik. Səbirli və ağıllı oynamalıyıq. Oyunun 90 və ya 120 dəqiqə davam etməsinin əhəmiyyəti yoxdur. Əsas olan futbol oynamaqdır. Üzərimizdə təzyiq var, ancaq meydana çıxanda bunu atacağıq".

Avqustun 17-də keçiriləcək "Partizan" - "Sabah" oyunu saat 23:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.