"NATO Pekinin "yaratdığı təhlükə" barədə danışmaq üçün qərbli vətəndaşların şüurunda Çin haqqında mənfi imic yaratmağa çalışır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"NATO üzv ölkə vətəndaşlarının şüurunda Çin haqqında mənfi təsəvvür yaratmağa çalışır ki, daha sonra "Pekindən Qərbə gələn təhlükə" barədə danışa bilsin", - sözçü qeyd edib.

Zaxarovaya görə, NATO ölkələri artıq öz həmfikirləri ilə Asiya-Sakit okean regionunda “kiçik həndəsə” adlanan koalisiyaların yaradılmasına səy göstərirlər.

"Məsələn, AUKUS və QUAD. Bu təşkilatlar sonradan onların vasitəsilə öz qaydalarını tətbiq etmək üçün bölgədəki dayaq nöqtələrini ələ keçirmək istəyirlər. Digər potensial gərginlik ocağı süni şəkildə yaradılıb, onun əsas vəzifəsi Çini, eləcə də Rusiyanı sıradan çıxarmaqdır", - xanım diplomat bildirib.

Qeyd edək ki, alyansın zirvə toplantısı zamanı qəbul edilən yekun bəyanatda Çinə böyük diqqət yetirilir. Sənəddə qeyd edilir ki, NATO ölkələri Çinin nüvə arsenalının artırılmasından və Pekinin nüvə silahlarına nəzarət sahəsində kifayət qədər səy göstərməməsindən narahatdırlar. Bəyanatda Çin və Rusiya arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinin NATO-nun dəyərlərinə və maraqlarına zidd olduğu da vurğulanır.