Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi çərçivəsində 248 Rusiya əsgəri, 224 Ukrayna əsgəri və 6 mülki şəxs azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlikdən verilən açıqlamada Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 248 rus əsgərinin azad edildiyi bildirilib.

Açıqlamada əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin göstərildiyi və həmin şəxslərin təyyarələrlə nazirliyin xəstəxanalarına çatdırılacağı qeyd edilib.

Bəyanatda danışıqların çətin keçdiyi bildirilib və əlavə edilib: "Rus əsgərlərinin azad edilməsi Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçiliyi sayəsində mümkün olub".

Ukrayna prezidenti Volodimir Zelenski də öz "Telegram" kanalında Rusiya ilə əsir mübadiləsi nəticəsində 224 Ukrayna əsgəri və 6 mülki vətəndaşın azad edildiyini bildirib.

Sərbəst buraxılan əsgərlərdən bəzilərinin Mariupolda və bu şəhərdəki Azovstal Metallurgiya Fabrikində baş verən qarşıdurmalarda iştirak etdiyini bildirən Zelenskiəlavə edib: "Rus əsirliyində olan bütün vətəndaşlarımızın geri qayıtması üçün əlimizdən gələni edəcəyik".