"Mançester Yunayted"in əfsanəvi futbolçusu ingilis futbolsevərləri həyəcanlandıracaq açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, "Mançester Yunayted"in əfsanəsi Ueyn Runi Markus Reşfordun Britaniya nəhəngi ilə yeni müqavilə imzalamasından çox həyəcanlı olduğunu bildirib. Ötən mövsüm bütün matçlarda 30 qol vuran və karyerasının ən məhsuldar dövrünü keçirən Reşfordun "Mançester Yunayted" üçün əhəmiyyətinə diqqət çəkən Runi, "Mirror"a verdiyi açıqlamada gənc ulduzun dünyanın ən yaxşılarından biri ola biləcəyini bildirib.

Reşfordun dünya futbolunun elit hücumçularından biri ola biləcəyini ifadə edən Runi, “Məncə, gələcək 5 il onun karyerası üçün çox vacib olacaq. O, çox qol vura bilər, amma həqiqətən də Kilyan Mbappe və Erlinq Holann səviyyəsinə çatmaq istəyirsə, o, "Mançester Yunayted"i titullara qaytaracaq oyunçu olmalıdır və ümid edirəm ki, bacarar" deyə bildirib.

“Mançester Yunayted”dəki oyunu ilə İngiltərə millisinin ən önəmli oyunçularından birinə çevrilən 25 yaşlı futbolçu karyerası boyunca “qırmızı şeytanlar”dan başqa komandada çıxış etməyib. “Yunayted”in akademiyasından yetişən Reşford ilk dəfə 2015-2016 mövsümündə “Mançester Yunayted”də çıxış edib, 8 mövsümdə 259 oyuna çıxıb və 123 qol vurub.