Tammi Abrahamın zədəsindən sarsılan İtaliya komandası "Roma" argentinalı hücumçu Mauro İkardini iki transfer hədəfindən biri kimi müəyyənləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, İtaliya A seriyasını Çempionlar Liqasına vəsiqə almadan  başa vuran və UEFA Avropa Liqasının finalında "Sevilya"ya məğlub  olduğu oyunda Tammi Abrahamın  zədələnməsi "Roma"nın transfer planını alt-üst etdi.

Abrahamı sataraq yeni transferlər üçün büdcə yaratmağı gözləyən Xoze Mourinyonun komandası zəif oyun göstərən  Andrea Belottinin yerinə 11-likdə oynaya biləcək hücumçu axtarmağa başlayıb.

 Ötən mövsüm böyük ümidlərlə transfer olunan Andrea Belottinin liqada 31 matçda qol vura bilməməsi Mourinyonu və komandasını qol vurmaq bacarığı yüksək olan hücumçu axtarmağa məcbur edib.

"Spezia" forması geyinən və qiyməti təxminən 10 milyon avro olan M'bala Nzola "Roma"nın əsas transfer hədəfi olsa da, "Qalatasaray"ın futbolçusu Mauro İkardi də bu siyahıdadır.

 "Qalatasaray"ın Super Liqa çempionluğunda unudulmaz iz buraxan və 26 oyunda 23 qol vuran İkardi Türkiyədə karyerasının ən yaxşı dövrlərindən birini keçirib.

 "Sarı-qırmızılı" komanda ilə müqaviləsi bitdikdən sonra PSJ-yə qayıdacaq İkardinin Fransa komandası ilə daha 1 illik müqaviləsi var və bu müqavilə çərçivəsində qazanacağı məvacib 9 milyon avrodur.