Restoran biznesi bütün dünyada gəlir gətirən sahələrdəndir. Və ölkəmizdə də restoran biznesi ilə məşğul olanların sayı sürətlə artmaqdadır. Restoran biznesi,bu sahənin uğurları, gəlirləri ilə bağlı hər kəsdə bir fikir formalaşsa da restoran işlətmə bacarığı olduqca məsuliyyət və risk tələb edir.

Azərbaycanda restoran sahəsi üzrə mütəxəssis (restorator) Mahir Zeynalov İqtisadiyyat.az-ın suallarını cavablandırıb:

    1. Azərbaycanda restoran biznesi qurmaq üçün nədən başlamaq lazımdı?

Azərbaycanda bu biznesi qurmaq üçün ilk növbədə restoran sahəsi üzrə biliklər lazımdı. Bir çox sahibkar bu biliklərə sahib olmadan biznes qurmağa çalışır və nəticədə qurulan biznesi batırır. Digər biznesmenlərə də mane olur. Ən əsası da maliyyə imkanları olmalıdır . Gəlir bir neçə ay az olduğundan maliyyə cəhətdən müəyyən yatırım olmalıdır ki, bu müddət ərzində xərcləri qarşılamaq mümkün olsun. Bütün riskləri gözə almaq lazımdır.

   2. Bu biznesinə Azərbaycanda maraq hansı səviyədədir?

Restoran biznesinə maraq get-gedə daha da artır. İnsanlar qıraqdan baxarkən elə bilirlər asandı. Lakin bu fəaliyyət istiqaməti çox çətin və həddən artıq vaxt alan sahədir. Çünki restoran bol zaman tələb edir. Elə bir xidmət sektorudur ki, daim işçilərə nəzarət lazım gəlir. Bir yalnış böyük müştəri kütləsinin itirilməsinə gətirib çıxara bilər. 

   3. Biznesmen üçün gəlir Bakıda üstünlük təşkil edir, yoxsa regionlarda?

 Turizm regionallarında sezonluq gəlir əldə olunur. Bəzi rayonlarda daimi fəaliyyət göstərən restoranlar var və bu restoranların müştəriləri əsasən regiondan olan şəxslər olduğu üçün böyük bir gəlir əldə edə bilmirlər. Daha çox gəlir Bakıda əsasən də şəhərin mərkəzində əldə olunur .

  4. Xidmət sahəsi üzrə işə götürülən şəxslər əvvəlcədən hansısa təlimlərə cəlb olunur?

Əlbətdə cəlb olunur. Biz işçi seçimi edərkən rəhbər şəxsləri professional olduğu üçün qəbul edirik. Digər işçiləri isə müxtəlif təlimlər vasitəsi ilə özümüz yetişdiririk.

  5. Restorana gələn turistlər üçün dil və digər xidmət sahələri necə tənzimlənir?

Ümumiyətlə 30- 40 faiz işçi heyəti əsasən də menecer və ofisiantlar rus və ingilis dilini bilməyi vacibdir. Dil biliyinə daha çox özləri maraqlı olmalıdılar. Çünki, dil biliyi olanlar üçün həm çox böyük tələbat, həm də daha yüksək maaşla işləmə imkanı var.

  6. Beynəlxalq təcrübədə işçilər üçün servis haqqı deyə bir ödəniş sistemi var. Bəs, Azərbaycanda bunun tətbiqi nəzərdə tutulurmu?

 Demək olar ki, bu sistem bir çox restoranlarda tətbiq olunur. Servis haqqı əsasən 5-10 faiz arasında hesabdan tutulur. Lakin bu pul təkcə ofisiantlar üçün nəzərdə tutulmur. Ümumi personal üçün ayrılan bir məbləğdi.

  7. Bu xidmət sahəsinin ekologiyaya zərər vurmaması üçün qanunvericilikdə qanunlar var. Bu qanunlara əməl olunurmu?

Restoranların bu qanunlara əməl etməmək şansı yoxdu, çünki daim yoxlanılır.  Dövlət tərəfindən nəzarət güclüdü. Bütün restoranların manqallarında xüsusi aparatlar quraşdırılır . Nəticədə təbiətə buraxılan tüstü və qazların qarşısı alınır . Hər hansı qayda pozuntusu aşkar olunarsa, birinci dəfə xəbərdarlıq edilir . Yenə eyni vəziyyət baş verərsə, cərimələnir və ya digər tədbirlər görülür. 5 ildən çoxdur ki, restoranlara ciddi nəzarət olunur.

Məhəbbət Məmmədov