"2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir".

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan qəzetində dərc edilmiş “Azərbaycan: güclü iqtisadi potensialı olan qalib dövlət” adlı məqaləsində bildirib.

Nazir qeyd edib ki, bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib: "Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub.

43 Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Hazırlanan növbəti dövlət proqramı da regionların inkişafının müasir tələblərə uyğunlaşdırılmasına hesablanıb".