“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariq klubu “Linkoln”a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

İqtisadiyyat.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis səfərdə qazanılan 2:1 hesablı qələbəyə baxmayaraq, iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq matçda diqqətli olmağın vacibliyini vurğulayıb:

“İlk oyun heç də asan olmadı. Komandamız optimal formasından uzaqdır. Deməzdim ki, istədiyimiz dinamikanı meydanda göstərə bilirik. Amma ümumən oyuna ciddi yanaşırıq. Meydanda yaxşı müdafiə olunan rəqiblə mübarizə olacaq. Yaxşı nəticə qazanmaq istəyirik”.

Baş məşqçi yeni transferlər Juninyo və Patrik Andradenin hələ hazır olmadıqlarını etiraf edib: “Onların hazırlığı bizi qane edəcək səviyyədə deyil. Məşqlərdə səylə çalışırlar. Juninyonun ən azı sonradan meydana çıxmasına sabah qərar verəcəyik”.

Q.Qurbanov qarşılaşmanın Bakı Olimpiya Stadionuna salınmasının onlar üçün ciddi problem olmadığını vurğulayıb: “Bakı bizimdir, hər yeri doğmadır. Əlbəttə ki, azarkeşlərin rahatlığını da düşünmək istərdik. Oyunlarımızın çoxunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiririk. Azarkeşlər üçün də ora gəlmək bəlkə rahat olar. Amma Bakı Olimpiya Stadionunda da maraqlı oyunlarımız olur. İnanmıram ki, buna görə hansısa çətinliklə üzləşək”.

O, yeni transferlərin olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb: “Düşünmürəm ki, ciddi dəyişiklik gözlənilir. Futbolçularımdan çox razıyam. Yaxşı kollektiv formalaşıb, hamısı çox istəklidir. Əlavə 1-2 oyunçu götürə bilərik. Olmasa belə, əlimizdəki heyət bizi qane edir”.