"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Gent"ə uduzduqları cavab oyunundan sonra fikirlərini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, "CBC Sport" telekanalına danışan mütəxəssis avrokuboklara vida etdikləri üçün məyus olduqlarını söyləyib:

"Məyusuq. Bakıdakı oyundan sonra da komandada böyük istək, inam var idi. Çox istəyirdik ki, yaxşı oyunla azarkeşləri sevindirək. Qələbə qazanmaq istəyirdik, alınmadı. Futbolçularım 120 dəqiqə meydanda yaxşı mübarizə apardılar. Sadəcə qol epizodunda kiçik diqqətsizlik baha başa gəldi.

Futbolçularımdan razıyam, onların yanındayam. Belə oyunlar bizi böyüdür, böyük inam verir. Vacib oyunda 120 dəqiqə meydanda dözürlər və səfərdə rəqibin üzərinə gediriksə, bu, ancaq məni sevindirir. Onlara təşəkkür edirəm. Futbolçularım belə dəstəyə layiqdirlər. Fanatlarımız da. Yaxşı nəticələrlə azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Mütəxəssis qol epizodlarında bəxtsizlik yaşadıqlarını bildirdi. O, eyni zamanda heyətdəki itkilərdən şikayətləndi və futbolçuların hazırlığında problemlərin olduğunu qeyd edib:

"Bəlkə, bəxt deyə bilərik. Yanvardan bəri fikirlərimi bildirmişdim. Bizə ayaqüstə durmaq lazımdır. Problemlərimiz, çatışmazlıqlarımız çox idi. Həm zədə, həm vərəqə cəzası səbəbindən tam heyətlə burada ola bilmədik. Futbolçuların hazırlığı daha yaxşı olsaydı, müsbət nəticə əldə edə bilərdik. Xırda detallar bizə mane oldu".

Qurbanov Premyer Liqanın XXIV turunda fevralın 27-də "Neftçi"yə qarşı keçirəcəkləri oyunla bağlı da danışıb:

"Qarşıdakı günlərdə bu haqda düşünəcəyik. Yəqin təyyarədə "Neftçi" ilə oyuna kimi olan proqramımızı tutacağıq. Hazırlığımızı müəyyən edəcəyik. Geriyə yol yoxdur, irəli getmək istəyirik".