"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

İqtisadiyyat.az xəbər verir ki, 51 yaşlı mütəxəssis sabah Bakı Olimpiya Stadionunda baş tutacaq görüşə qələbə əzmi ilə çıxacaqlarını bildirib:

“Üstünlük rəqib tərəfdə olsa da, geridə qalan günlərdə pis hazırlaşmadıq, rəqibi tam yaxından tanıdıq. Sabah meydana yaxş nəticə üçün çıxacağıq. Futbolçular hansı komandaya qarşı oynadıqlarını hiss etməlidirlər. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Buna ehtiyacımız var. Bütün futbolçular görüşə məsuliyyətlə hazırlaşıb”.

Ağdam klubunun çalışdırıcısı qapıçı Şahruddin Məhəmmədəliyevin matçda çərçivədə dayanıb-dayanmayacağı ilə bağlı sualı cavablandırarkən bütün oyunçuların meydana çıxmaq imkanının olduğunu bildirib: “Start heyətini sabah müəyyənləşdirəcəyik. Hələ bir gün vaxtımız var. Bütün diqqətimiz matçda və rəqibdə olmalıdır. Oyundan kənara çıxmalı deyilik. Hər bir futbolçu bu görüşdə səhvdən uzaq olmağa çalışmalıdır, eləcə də qapıçılarımız”.

Qurbanov Polşa çempionuna rəğbət bəslədiyini də dilə gətirib: “Hər rəqibə qarşı ilk oyundan sonra daha yaxından tanıyırsan. Nə düşünürdüksə, “Rakuv”un ifasında onları gördük. Hətta daha yaxşı vəziyyətdə idilər. Bakıdakı oyunda səfərdəkindən fərqli olmalı, mübarizədən bir saniyə də qopmamalıyıq. “Rakuv” ildən-ilə daha keyfiyyətli iş görür və nəticələr əldə edir. İlk oyundan sonra “Rakuv”a simpatiyam oyandı. Onlar öz sistemlərini çox yaxşı icra edirlər”.

Təcrübəli mütəxəssis “Rakuv”un sabiq baş məşqçisi Marek Papşunun bu cütdə Polşa klubuna üstünlük verməsinə də münasibət bildirib: “Bu komanda elə formalaşıb ki, məşqçi getsə belə, iş prinsipləri qorunacaq. “Rakuv”a qarşı qışda Antalyada yoxlama görüşü keçirmişdik. Həmin vaxtdan bəri sanki onlarda daha çox inam var. Baş məşqçiləri çox gənc olsa da, öz işində məsuliyyətlidir və qurulan işi çox yaxşı icra edir. Onlar meydanın hər yerində yaxşı müdafiə oluna bilirlər. Qol vurmaq üçün daha fəal olmalıyıq”.

Baş məşqçi komandanın yeni transferi Juninyonun durumunun normal olduğunu deyib: “Onun vəziyyəti normaldır. Artıq komanda ilə birlikdə məşqlərdə iştirak edir”.

Qurbanov sabahkı qarşılaşmada diqqətli olmağın vacibliyini vurğulayıb: “Öz oyununu oynamaq istəyirsənsə, ilk növbədə rəqibə istədiyi kimi çıxış etmək imkanı verməməlisən. Biz də buna çalışacağıq. Öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik. Bu günə kimi bütün uğurlar bu prinsiplərə görə əldə olunub. 90 dəqiqə konsentrasiyanı itirməməliyik".