Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah "Linkoln"un qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl fikirlərini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, mütəxəssis rəqibi tam yaxından tanıya bilmədiklərini deyib:

“Yeni mövsümdə ilk rəsmi oyunumuzdur. Hazırlığımız yaxşı keçdi. Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər. İlk qarşılaşmada çatışmazlıqlar ola bilər. Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Meydan süni örtükdü. “Linkoln”u tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram”.

Sabah keçiriləcək "Linkoln" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu iyulun 19-u olacaq.