“Qarabağ” UEFA Avrupa Liqası pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubunu iki oyunun (2:0, 1:1) nəticəsinə görə məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ikinci dərəcəli turnirində qruplara qalaraq 3,63 milyon avro qazanıb. “Köhlən atlar” AL-də keçirəcəyi 6 görüşdə də büdcəsini zənginləşdirə bilər.

Belə ki, UEFA qruplarda hər qələbəyə 630, heç-heçəyə isə 230 min avro verir. Əgər təmsilçimiz 1/8 finala vəsiqə qazansa, əlavə olaraq 1,2 milyon avro gəlir əldə edəcək.

Xatırladaq ki, “Qarabağ” avrokuboklarda yoluna Çempionlar Liqasında başlamışdı. Komanda II təsnifat mərhələsində Polşa klubu “Rakuv”u keçə bilmədiyi üçün yoluna AL-də davam etdi.

UEFA ÇL-də qruplara qatılım üçün klublara 15,64 milyon avro ödəyir.