Qlobal kömür tələbinin bu il tarixində ən yüksək həddə çatacağı və 2026-cı ilə qədər azalacağı gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dərc etdiyi “Kömür 2023” hesabatında qeyd olunub.

Məlumata görə, bu il qlobal kömür tələbi 1,4% artaraq rekord səviyyəyə - 8,5 milyard tona çatacaq.

Hesabata əsasən, inkişaf etmiş iqtisadiyyatlarda kömürə tələb azalmağa davam edəcək. Avropa İttifaqı və ABŞ-də kömürə tələbin 20% azalacağı təxmin edilsə də, inkişaf etməkdə olan iqtisadiyyatlarda tələb artmaqda davam edəcək.

Bu dövrdə Hindistanın kömür tələbi 8%, Çinin isə 5% artacağı təxmin edilir.

Qlobal kömür tələbinin bu il pik həddə çatdıqdan sonra 2026-cı ilə qədər 2,3% azalacağı proqnozlaşdırılır. Növbəti üç il ərzində dünya üzrə bərpa olunan enerji potensialında gözlənilən artım bu azalmada hərəkətverici qüvvə olacaq.

Hesabata görə, qlobal elektrik enerjisi istehsalının və eləcə də karbon emissiyalarının ən böyük mənbəyi olan kömürə tələbatın proqnozlaşdırılan azalması tarixi dönüş nöqtəsi ola bilər.

 

Gözəl Həşimova