Ötən il Qətərdə keçirilən 2022 FIFA Dünya Çempionatında çempionluq qazanan Argentina milli komandasının xatirəsi Qətərin paytaxtı Dohada yaşadılır.

İqtisadiyyat.az xəbər verir ki, turnir zamanı otellərdə qalmağa üstünlük verən bir çox milli komandalardan fərqli olaraq Argentina Milli Komandasının futbolçularının qalmağa üstünlük verdikləri Qətər Universitetinin 90 otaqlı tələbə yataqxanası çempionatın 1-ci ildönümündə mavi və ağ rənglərlə bəzədilib. Kişi tələbə yataqxanası kimi istifadə edilən otaqlarda futbolçuların portretləri ilə yanaşı yataqxananın böyük bir hissəsində Argentina Milli Komandasının şəkilləri yer alıb.

18 dekabr 2022-ci ildə keçirilən final matçında Fransanı penaltilər seriyasında məğlub edərək Dünya Kubokunu qazanan Argentina Milli Komandasının kapitanı Lionel Messi yataqxanada B 201 nömrəli otaqda yatarkən kubokla şəkil çəkdirib və bu anları sosial media hesabında paylaşmışdı.

Bu paylaşım 55 milyona yaxın bəyənmə toplamış və İnstaqramda ən çox bəyənilən fotolardan birinə çevrilmişdi.