“Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilən investisiya müsabiqəsinə yekun vurulub.

Bu barədə İqtisadiyyat.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bu ilin 23 iyun tarixində müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Glass Vay” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.

2 avqust 2023-cü il tarixində müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, 2 il ərzində müəssisədə 10,5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində sobanın və şüşə istehsalı avadanlıqlarının, sexlərin əsaslı təmiri və yenidənqurulması, istehsal üçün tələb olunan digər avadanlıqların alınması, infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.