“İşğaldan azad olunmuş ərazilərdə beynəxalq standartlara cavab verən yüzlərlə kilometr avtomobil yollarının, tunellərin və körpülərin tikintisi nəzərdə tutulub”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

O xatırladıb ki, Vətən müharibəsində əldə olunan qələbədən sonra Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq işlərinə start verib: "Pandemiya və müharibə kimi ağır hadisələrdən sonra ölkəmizin atdığı hazırkı addımlar beynəlxalq ictimaiyyəti təəccübləndirir. Azərbaycan sübut etdi ki, iqtisadiyyat güclüdürsə, daxili və xarici siyasət doğrudursa, istənilən məqsədə nail olmaq mümkündür". 

Sədr vurğulayıb ki, ölkəmiz hələ də ermənilərin mina terrorundan qurtulmayıb və bu da ciddi problemlər yaradır: "Söhbət 1 milyona yaxın minadan gedir. Mina təhlükəsinin olması sözügedən ərazilərdə bərpa və yenidənqurma işlərini ləngidir. Minaların təmizlənməsi üçün həm böyük vəsait lazımdır, həm də kifayət qədər zamana ehtiyac var. Bundan başqa, ermənilər 30 il ərzində yeraltı və yerüstü sərvətlərimizi, kənd və qəsəbələrimizi, dini tarixi abidələrimizi vəhşicəsinə talayıblar". 

X.Bəşirov qeyd edib ki, işğaldan azad olunmuş ərazilər üçün gələnilki büdcədən 10 milyard manat ayrılıb və bu isə kifayət qədər ciddi məbləğdir:

"İşğaldan azad olunan ərazilərdə dəmiryollarının, hava limanlarının və bir sıra obyektlərin tikilməsi nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzur ölkə başçısı İlham Əliyev tərəfindən iqtisadi rayonlar olaraq müəyyənləşdirilib. Bu rayonların bərpası istiqamətində ciddi işlər həyata keçirilir. Ümumilikdə, görülən işlər Böyük Qayıdış proqramı çərçivəsindədir. Bu proqramın nəticəsi olaraq insanlarımız münbit həyat şəraitində yaşayacaqlar". 

 

Gülşən Şərif