"Ukrayna öz təhlükəsizliyini təmin etməyə çalışmalıdır, lakin Rusiyaya təhdid yaratmaqla deyil".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Hər bir ölkənin öz təhlükəsizliyini təmin etmək hüququ var və təbii ki, bu məqsədə çatmaq üçün özünün ən yaxşı hesab etdiyi yolu seçmək hüququ var. Ukrayna öz təhlükəsizliyini təmin etməyə çalışarkən onun qarşısında yalnız bir məhdudiyyət var, o da Rusiyaya təhlükə yaratmamaqdır. Bir ölkə təhlükəsizliyinə nail olmaq üçün digər ölkəyə təhlükə yaratmamalıdır”, - Putin qeyd edib.

Prezidentin sözlərinə görə, Moskva ilə Kiyev arasında İstanbulda əldə edilən saziş layihəsində Ukraynanın təhlükəsizliyinin təfərrüatlı təminatları nəzərdə tutulub.

“Rusiya ilə Ukrayna arasında İstanbulda hazırlanan və sonradan Ukrayna rejimi tərəfindən zibil qutusuna atılan müqavilə layihəsində Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələləri çox təfərrüatlı şəkildə göstərilib”, - Putin bildirib.

O, İstanbul müqaviləsi layihəsinin Moskva üçün məqbul olduğunu bildirib: “Buna görə də həm NATO, həm də G7-nin indi elan etdiyi məsələlərdə bizim üçün qeyri-adi heç nə yoxdur və biz bu tip məsələlərin müzakirəsinin əleyhinə deyilik”.

Lakin o, bu cür məsələlərin Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi şərti ilə həll edilməli olduğunu vurğulayıb.