PSJ-nin sata biləcəyi futbolçular siyahısına əlavə edilən 30 yaşlı yarımmüdafiəçi Marko Verattini istəyən klubların sayı artır.

İqtisadiyyat.az "Marca"ya istinadən xəbər verir ki, Luis Enrikenin baş məşqçi kürsüsündə oturması ilə yeni strukturdan keçməyə hazırlaşan PSJ-də komandadan ayrıla biləcək futbolçular arasında yer alan italyan ulduz Marko Verattinin gələcəyi qeyri-müəyyən olaraq qalır. Ayrılıq iddiaları güclənərkən, illərdir klubun əvəzolunmaz oyunçularından biri kimi göstərilən Veratti artıq bu vəzifədə görünmür.

"Atletiko Madrid"in ulduz futbolçunu transfer etmək istədiyi, Dieqo Simeonenin isə bu transferə çox can atdığı bildirilib. PSJ-nin Veratti ilə yollarını ayırmağa hazır olduğu bildirilsə də, mümkün satışın ən azı 80 milyon avroya reallaşması gözlənilir və bu qiyməti qarşılamaq "Atletiko" üçün çətin görünür.

“Yuventus”, “Roma” və “Liverpul” kimi klubların, eləcə də “Atletiko Madrid”in diqqətini çəkən Veratti son zamanlar Səudiyyə Ərəbistanı klublarının da gündəminə gəlib. PSJ-də davam etmək imkanı olan Veratti Parisdəki həyatından kifayət qədər razıdır.

 Luis Enrike ilə başlayan yeni dövrdə Parisdə qalma ehtimalını dəyərləndirən 30 yaşlı futbolçu Liqa 1-də oynadığı 11 mövsümdə 276 matça çıxıb və 7 qol vurub.